Xoş gördük!..

Haradan və nə üçün gəldiyimizi, hara və nə üçün gedəcəyimizi bilmədiyimiz bu dünyadan və xəyalımızdakı “o dünya” dan daha fərqli birisini tanıyanlardan olmaq taleyimə düşdü deyə buradayam… Üçüncü dünyadır bu, adına Ədəbiyyat deyirlər… Yaradıcısı olduğumuz, içində Tanrıya şərik dayandığımız bir aləm…misli-bərabəri olmayan, qiyməti heç bir şeylə ölçülməyən Söz dərgahı… Amma sizsiz buraların nə mənası…oxuyun, yazın,fikirlərinizi paylaşın ki, Söz dəyərdən düşməsin… Üçüncü dünyama xoş gəldiniz, dostlar…

Tanışlıq üçün…

Bir cənub şəhərində doğuldum…

“Cənub mirvarisi” də deyirlər bura…

Burada dağlara söykənib dənizi seyr etmək qədər gözəl bir həyat şansı var…

Mən Emersonun bir fikriylə tamamilə razıyam ki, “əgər sən hətta siçan tələsini belə başqalarından daha yaxşı düzəldə bilirsənsə, sənin evin keçilməz meşədə də olsa, qapına cığırlar açılacaqdır…”

Hərdən mənə elə gəlir ki, qarşımda bir qalaq SÖZ var…Hər biri yazılmaq, oxunmaq, sevilmək istəyir…

Mənsə yalnız özümə lazım olanları seçirəm…saxlayıram…qalanlarını isə sadəcə süpürüb atıram…

Çox qəddaram…sevmədiyim sözlərə qarşı…